Fransanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Fransa Respublikası parlamentinin Avropa, Beynəlxalq və Müdafiə Məsələləri Daimi Assambleyasının sədri Anne Genetet Ermənistan Respublikasının ərazi bütövlüyünü və erməni xalqının təhlükəsizliyini müdafiə edən bəyanatla çıxış edib.
“NATO Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti adından biz Ermənistanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləmək istərdik”,- bəyanatda deyilir və qeyd olunur ki, Fransa erməni xalqı ilə tam həmrəydir.
Bəyanatda həmçinin vurğulanıb ki, Respublika Prezidenti açıq şəkildə Fransanın regionda sabit sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycan arasında dialoqun və danışıqların davam etdirilməsini təmin etmək əzmində olduğunu xatırladıb.
“Ölkəmiz öz tərəfdaşları ilə birlikdə, ilk növbədə, hələ də həbsdə olan bütün erməni məhbusların azad edilməsinə, 9 noyabr 2020-ci il tarixli atəşkəs rejiminə əməl olunmasına, qüvvələrin öz ilkin mövqelərində saxlanmasına dəstək verir”.
Bəyanatda qeyd olunub ki, gələn ay Senat Azərbaycana qarşı sanksiyaların tətbiqinə dair yeni qətnaməyə baxacaq və ondan dərhal Ermənistan ərazisini tərk etməyi, 9 noyabr 2020-ci il tarixli atəşkəs sazişinə əməl olunmasını təmin etməyi və iki ölkə arasında davamlı sülhün bərqərar olunması üçün istənilən təşəbbüsü irəli sürməyi tələb edəcək.