Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, "Fransa Respublikasının Prezidenti Emmanuel Makronun müsahibəsində tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir”.
Nazirliyin şərhində vurğulanıb ki, “Fransa Prezidenti bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur”.
Bəyanatda qeyd olunub ki, Azərbaycan, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək E.Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub.
“Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır. Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir", - Azərbaycan XİN-dən bildirilib.