“Biz erməniləri tək buraxmayacağıq. Bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”. Bunu Fransa prezidenti Emanuel Makron France 2-yə müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, Fransanın Ermənistanla xüsusi əlaqələri var, çünki Ermənistan həmişə regionda tolerantlıq və sülh üçün mübarizə aparıb.
“İki il əvvəl Dağlıq Qarabağda müharibə başladı. Bu, beynəlxalq səviyyədə tanınmamış və mübahisəli ərazidir. Azərbaycan çoxlu itkilərlə nəticələnən dəhşətli müharibəyə başladı və həmin ərazini işğal etdi. Həmçinin bu ilin sentyabrında Azərbaycan öz ərazisinin iki hissəsi arasında yəqin ki, dəhliz açmaq üçün Ermənistanla sərhəddə hücuma keçib. Biz buna görə onları qınadıq”,- deyə o xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub və tərəflər ilk növbədə 1991-ci il sərhədlərini tanımaq öhdəliyini götürüblər, eləcə də sərhəddə Avropa missiyasının yerləşdirilməsinə razılıq veriblər.
“Bəs iki ildir o sərhəddə nə baş verir? Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək, Azərbaycanın xeyrinə oyun oynadılar”, - Makron bildirib.
“Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə, bu qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı”, sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır: “Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”.