Moskva Rusiyanın müttəfiqləri olan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh sazişinin hazırlanmasına hərtərəfli dəstək verir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“Biz Yerevana və Bakıya hərtərəfli təkliflərimizi çatdırmışıq. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün regiona səfərlər edib”, - deyə diplomat qeyd edib.
Zaxarovanın sözlərinə görə, Rusiyanın bu prosesdəki rolunu şübhə altına almağa və ya azaltmağa çalışanlar arzularını real kimi təqdim edirlər: Rusiya aydın nəticələrin qeydə alınması üçün əməli işlər görür.
“Biz heç bir məzmunu olmayan reklamla məşğul olmuruq. Biz nəticələr barədə danışırıq”, - deyə Zaxarova qeyd edib və əlavə edib ki, mövzunun həssaslığını nəzərə alaraq, Moskva danışıqların təfərrüatlarını açıq şəkildə şərh etmir.