Praqada Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.
“Nikol Paşinyanla Nyu-Yorkda görüşdən sonra bu gün mən Praqada İlham Əliyevlə görüşdüm. Daha sonra Emmanuel Makron və mən Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə görüşərək Ermənistan-Azərbaycan münasibətləri və regionda sabit sülhün bərqərar olması səylərini müzakirə edəcəyik”, - Mişel özünün “Twitter” mikrobloqunda yazıb.
KİV-in məlumatına görə, görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yönəlmiş Yerevan-Brüssel-Bakı formatında görüşlərin əhəmiyyətini xüsusi qeyd ediblər.
İlham Əliyev vasitəçilik missiyasına görə Şarl Mişelə təşəkkür edib. Mişel və Əliyev noyabrda Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan-Mişel-Əliyev üçtərəfli görüşünün gündəliyinə də toxunublar.