Rusiyanın Yerevandakı səfiri Sergey Kopirkin Rusiyanın Ermənistan və Cənubi Qafqazdan “üzünü çevirməsi” ilə bağlı iddiaları spekulyasiya adlandırıb, RİA Novosti xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Ərdoğan arasında cümə axşamı Praqada mümkün görüşlə bağlı jurnalistlərin sualını cavablandıran Rusiya səfiri qeyd edib ki, Rusiya hər zaman münasibətlərin normallaşması prosesini dəstəkləyir.
“Biz sülhü təmin edəcək, zorakılığın təzahürünün, güc tətbiqinin, eskalasiyanın qarşısını alacaq və regionun həqiqətən təhlükəsiz, dinc inkişafının əsasını qoyacaq bütün addımları, bütün prosesləri dəstəkləyirik. Bu bölgənin dinc, təhlükəsiz olması, regional və beynəlxalq iqtisadi proseslərə töhfə verməsi bizim üçün çox vacibdir. Bu, Rusiya üçün çox vacib və həyati əhəmiyyət kəsb edir. Biz Cənubi Qafqaz regionu ilə qonşuyuq, ona görə də Rusiyanın regiondan üz çevirməsi və ya Rusiyanın Ermənistandan üz döndərməsi ilə bağlı istənilən bəyanat spekulyasiyadan başqa bir şey deyil və mən bunu rəsmi və qətiyyətlə bəyan edirəm”, - deyə səfir bildirib.