Sentyabrın 22-də ABŞ-ın Dövlət katibi Entoni Blinken BMT Baş Assambleyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Paşinyan görüşdə Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı genişmiqyaslı təcavüzünə toxunub, baş verənlərlə bağlı ABŞ-ın səsləndirdiyi dəqiq mövqelərin və dəyərləndirmənin vacibliyini vurğulayıb.
Paşinyan Blinkenin danışıqlar prosesi və dialoqun dəstəklənməsində şəxsi səylərini yüksək qiymətləndirib.
Nikol Paşinyan beynəlxalq ictimaiyyətin Azərbaycanın hərəkətlərini pisləməsinin, Azərbaycan birləşmələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasının, Azərbaycan tərəfində saxlanılan erməni hərbi əsirlərin geri qaytarılmasını təmin etməsinin və digər humanitar məsələlərə adekvat cavabın verilməsinin vacibliyini də vurğulayıb.
Blinken ABŞ-ın danışıqlar və sülh prosesində səylərini davam etdirməyə hazır olduğunu deyib, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüdətli tənzimlənməsinin vacibliyini qeyd edib.
Dövlət katibi Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakıyla üçtərəfli görüşün vacibliyini qeyd edib, yaxın gələcəkdə dialoqun davam edəcəyinə ümidini bildirib.
Görüşdə Ermənistan-Amerika münasibətlərinin davamlı inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.