Kanada Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların genişlənməsindən, o cümlədən Ermənistan ərazisində yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlardan dərin narahatdır. Bu barədə “Lurer”in sorğusuna cavab olaraq Kanada Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Biz gərginliyin azaldılmasına, atəşkəs rejiminin tam saxlanmasına və ATƏT vasitəsilə konstruktiv dialoqa qayıtmağa çağırırıq. Atəşkəs rejiminin möhkəmləndirilməsi və sülh danışıqlarının bərpası istiqamətində çalışmağımız son dərəcə vacibdir”, - deyə Kanada XİN-dən bildirilib.
XİN xatırladıb ki, Kanadanın xarici işlər naziri Melani Joli bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ayrı-ayrı Ermənistan və Azərbaycan arasındakı vəziyyəti müzakirə edib.
"Nazir Joli atəşkəsi alqışlayıb və Kanadanın qəbuledilməz güc tətbiqi ilə bağlı ciddi narahatlığını təsdiqləyib, ərazi bütövlüyünə hörmət edilməsinin və hərtərəfli nizamlanmaya nail olunmasının vacibliyini vurğulayıb", - deyə Kanada XİN-dən bildirilib.