Ermənistan və Azərbaycan arasında hər hansı münaqişəli vəziyyət Rusiyanı ciddi narahat edir. Moskva tərəfləri atəşkəsi qorumağa çağırıb.
Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimi zamanı bildirdi.
“Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz tərəfləri təmkinliyə, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”, - Rusiya lideri xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində vurğulayıb.
Rusiya Prezidenti qeyd etdi ki, KTMT çərçivəsində Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması istiqamətində tədbirlər görülür.
“KTMT baş katibinin rəhbərliyi ilə qarşıdurma zonasına xüsusi missiya göndərilib. Nümayəndə heyətinə yaradılmış vəziyyətin araşdırılması nəticələrinə əsasən təkliflər hazırlamaq və Kollektiv Təhlükəsizlik Şurasına təqdim etmək tapşırılıb. Rusiya və Ermənistan intensiv siyasi dialoqu davam etdirir”,- Putin vurğuladı.
Vladimir Putin bildirdi ki, bu ilin noyabr ayında Yerevanda KTMT sammiti keçiriləcək.