Ermənistan respublikasının müdafiə naziri Suren Papikyan bu gün Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Yaranmış vəziyyətə operativ reaksiya verdiyinə və bölgəyə səfər etdiyinə görə minnətdarlığını bildirən müdafiə naziri sentyabrın 13-də Azərbaycanın Ermənistanın suveren ərazisinə genişmiqyaslı təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Suren Papikyan qeyd edib ki, genişmiqyaslı təcavüz əvvəlcədən planlaşdırılmış Azərbaycan təxribatıdır.
Vəziyyətin həlli baxımından müdafiə naziri təcavüzün beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən ünvanlı qiymətləndirilməsinin zəruriliyini vurğulayıb.
Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi öz çıxışında hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı Aİ-nin mövqeyini təqdim edərək, bütün mövcud fikir ayrılıqlarının müstəsna olaraq diplomatik vasitələrlə həll edilməsinin zəruriliyini vurğulayıb.
Toivo Klaar, həmçinin Aİ-nin tərəflər arasında danışıqlar prosesinin bərpasına və razılaşmaların əldə olunmasına yardım etmək öhdəliyini təsdiqləyib.