“Son bir həftə ərzində Azərbaycan Müdafiə Nazirliyi demək olar ki, hər gün yalan bəyanatlar yayır, guya Ermənistan Silahlı Qüvvələri təmas xəttinin müxtəlif istiqamətlərində atəş açıblar və atılan addımlardan sonra atəş susdurulub.
Təbii ki, Ermənistan tərəfinin müvafiq müdafiə idarələri həmin şayiələri təkzib edərək, Ermənistan tərəfinin heç bir hərbi hissəsinin Azərbaycan istiqamətində atəş açmadığını qeyd edirlər”.
Bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri, “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan Facebook-da yazıb.
“Çox insan soruşur ki, Azərbaycan niyə bu dezinformasiyanı ardıcıl şəkildə yayır? Biz hamımız bilirik ki, Azərbaycan növbəti sərhəd təxribatı planlaşdıranda, onu həyata keçirməzdən əvvəl bu təxribatın informasiya zəminində legitimləşdirilməsi üçün yalan əsas təşkil edir.
Ermənistan-Azərbaycan sülh prosesində və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olan beynəlxalq birliyin bütün tərəfləri çox diqqətlə izləməli və aydın şəkildə dərk etməlidirlər ki, Azərbaycan növbəti dəfə təxribata hazırlıq prosesinə başlayıb.
Bu vəziyyətdə hədəflənmiş beynəlxalq reaksiya bu yeni təxribatın hazırlanmasının qarşısını ala bilər”,-deyə Marukyan əlavə etdi.