Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ukraynadan Avropaya taxıl və ərzaq ixracının məhdudlaşdırılması imkanını müzakirə etmək niyyətində olduğunu bildirib. Onun fikrincə, həmin taxıl ehtiyacı olan kasıb ölkələrə göndərilmir.
Bunu Vladimir Putin Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında deyib.
“Biz Ukrayna taxılının ixracı üçün şərait yaratdıq. Türkiyəni vasitəçi ölkə kimi istisna etsək, Ukraynadan ixrac olunan taxılın demək olar hamısı inkişaf etməkdə olan yoxsul ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə göndərilir”, - deyə Rusiya prezidenti bildirib.
Vladimir Putinin sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində 87 gəmidən yalnız ikisi yüklənib, iki milyon ton taxıldan yalnız 60 min tonu yoxsul ölkələrə ixrac edilib.
“Bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyası yalnız böyüyəcək və görünməmiş humanitar fəlakətə səbəb olacaq. Bəlkə bu marşrutla taxıl və ərzaq ixracını məhdudlaşdırmaq barədə düşünməliyik? Mən bu məsələ ilə bağlı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla məsləhətləşəcəyəm”. – deyə o əlavə edib.