Bizim regionumuz üçün də zamanlar asan deyil.
Bunu Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, regionumuzda uzun müddətdir mövcud olan çağırışlar, xüsusən də beynəlxalq ictimaiyyətin və strateji təhlükəsizlik tərəfdaşı olan Rusiyanın diqqəti digər məsələlərə yönəldiyi zaman gərginləşir.
Paşinyanın sözlərinə görə, bu halda diqqət daha çox Ukrayna ətrafındakı vəziyyətə yönəlib və bunun regionumuza qeyri-sabitlik gətirə biləcəyi ilə bağlı qorxular var.
Ermənistanın Baş naziri yaradılan vəziyyəti 2020-ci illə müqayisə edib və bildirib ki, Azərbaycan müharibəyə başlayanda beynəlxalq ictimaiyyətin, o cümlədən Rusiyanın diqqəti tamamilə koronavirus pandemiyası problemlərinə yönəlmişdi.
Paşinyan ümid edib ki, Rusiya və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməklə regionda vəziyyətə nəzarət etmək mümkün olacaq ki, bu da qlobal təhlükəsizlik üçün çox vacibdir.
Qeyd edək ki, konfransda Rusiya Prezidenti Vladimir Putin və digər dövlət başçıları da iştirak edir. Bu gün Ermənistanın Baş naziri ilə Rusiya Federasiyasının Prezidenti arasında görüş planlaşdırılır.