Sentyabrın 2-də ER xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Avropa, Mərkəzi Asiya və Amerika üzrə Siyasi və Sülh Quruculuğu Məsələləri Departamentinin baş katibinin müavini Miroslav Yençanı qəbul edib.
Nazir Mirzoyan vurğulayıb ki, BMT baş katibinin müavininin səfəri Cənubi Qafqazda baş verən prosesləri və BMT-nin mövcud problemlərin həllinə cəlb olunması perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir.
Həmsöhbətlər ER-BMT əməkdaşlığı ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı regional və beynəlxalq əhəmiyyətli bir sıra məsələlərə də toxunulub.
Ararat Mirzoyan regionda sabitliyin və sülhün bərqərar olmasına yönələn proseslərlə bağlı Ermənistanın mövqeyini təqdim edib. Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli və uzunmüddətli həllini tapmalıdır.
44 günlük müharibədən sonra Dağlıq Qarabağda yaranmış humanitar problemlərə toxunan nazir Mirzoyan BMT-nin müvafiq qurumlarının yerlərdə maneəsiz şəkildə cəlb olunmasının zəruriliyini vurğulayıb. Nazir Mirzoyan Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin geri qaytarılmasının, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.