Moskva və Tehran ikitərəfli münasibətləri dərinləşdirir. Bu barədə Rusiyanın İrandakı səfiri Levan Cağaryan “Rossiya-24” telekanalına müsahibəsində bildirib və əlavə edib ki, İran və Rusiya uzunmüddətli hərtərəfli əməkdaşlıq sazişi hazırlayır. iki ölkənin xarici işlər nazirlikləri həmin sənədin layihələrini mübadilə ediblər.
Səfir məlumat verib ki, regionlararası səviyyədə əlaqələrin inkişafı çərçivəsində Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri ilin sonuna kimi İrana səfər etməyi planlaşdırır.
“Mən optimistəm və gözləyirəm ki, 2023-cü ildə biz qarşılıqlı əlaqənin daha yüksək səviyyəsinə çatacağıq. Demək istəyirəm ki, biz təkcə ikitərəfli formatda əməkdaşlıq etmirik. Bizim bölgələrimiz regionlararası təmaslarda fəal rol oynayır və bu il biz ilin sonuna qədər nümayəndə heyətlərinin çox aktiv qarşılıqlı səfərlərini gözləyirik”, -deyə Cağaryan bildirib.
O, həmçinin qeyd edib ki, Tehranda ekspertlər ABŞ-ın İranın nüvə sazişi ilə bağlı təkliflərini ətraflı öyrənirlər, lakin onlara tez cavab gözləmək lazım deyil. Səfirin sözlərinə görə, nüvə sazişi ilə bağlı ümumi əhval-ruhiyyə kifayət qədər nikbindir.