Cənubi Qafqaz regionunda sabitliyə aparan yol üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin imzalanmasının 25 illiyi münasibəti ilə bağlı bəyanatında bildirilib.
"Biz əsas müttəfiq mövqeyindən Yerevana müdafiə qabiliyyətini və sərhəd təhlükəsizliyini gücləndirməkdə, qonşuları ilə əlaqələri normallaşdırmaqda kömək etməyə davam etməkdə qərarlıyıq. Əminik ki, regionda sabitliyə aparan yol 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda təhlükəsizliyin təmin edilməsində əsas amil olaraq qalır", deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.