ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edib. Bu barədə Departamentin məlumatında deyilir.
Məlumata görə, Filip Riker ATƏT-in Minsk qrupunun həmsədri və bu kritik dönəmdə Cenevrə beynəlxalq müzakirələrində Gürcüstandakı münaqişə üzrə ABŞ nümayəndə heyətinin əsas təmsilçisi kimi xidmət göstərəcək.
“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllində Ermənistanla Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir. Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda işləyəcək, ATƏT-in Minsk qrupunun həmsədri olaraq Ermənistanla Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək. Səfir Rikerin indiki məqamda təyinatı ABŞ-ın Gürcüstanla bağlı Beynəlxalq Cenevrə Müzakirələrinə verdiyi əhəmiyyəti bir daha sübut edir”, – bəyanatda vurğulanır.
Qeyd edək ki, səfir Riker daha öncə ABŞ-ın Böyük Britaniyadakı səfirliyində çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustunadək Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.