Avqustun 24-də Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Azərbaycanın Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Ədliyyə Nazirliyinin bu partiyanı qeydiyyata almaqdan imtina etməsinə etiraz ediblər.
“Turan” agentliyinin məlumatın görə, aksiya iştirakçıları “Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasın qeydiyyata al!”, “Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!” şüarları səsləndiriblər.
“2014-cü ildən bu prosesi uzadırlar. Biz heç bir danışıqlara getməyəcəyik, qanuni vasitələrlə partiyanın qeydiyyata alınmasına nail olacağıq. Lazım gələrsə, Avropa məhkəməsinə qədər gedəcəyik”, – partiya fəalı Hüseyn Məlikov deyib.
İştirakçılardan ikisi Ədliyyə Nazirliyinə dəvət olunub və qəbul şöbəsinin rəisi Kamal Hüseynov qəbul edib.
Partiyanın sədr müavini Ədalət Yusibov bildirib ki, Hüseynov Ədliyyə Nazirliyinin rəhbərliyi ilə əlaqə saxlayıb, sonra cümə günü bütün sənədlərlə rəhbərliyə qəbula gəlməyi təklif edib.