Avqustun 18-də Lvovda Ukrayna prezidenti Vladimir Zelenski, Türkiyə prezidenti Rəcəb Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Tərəflər Ukrayna böhranına “diplomatik yolla” son qoymaq problemini müzakirə edəcəklər.
"Səfər çərçivəsində Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına töhfə verəcək potensial addımların müzakirəsi planlaşdırılır", - deyə Türkiyə prezidentinin saytında yerləşdirilən mesajda deyilir.
BMT-nin baş katibi Antonio Quterreşin nümayəndəsi Stefan Düjarik bildirib ki, üçtərəfli sammitdən sonra Quterreş taxılla yüklənmiş gəmilərə baxış keçirmək üçün Odessaya gedəcək. Bundan sonra BMT-nin baş katibi İstanbula gələcək və taxıl sazişinin icrasına nəzarət edən beynəlxalq monitorinq mərkəzini də ziyarət edəcək.