Cənubi Qafqazdakı vəziyyət Rusiyanın diqqət mərkəzindədir. Bu barədə RF Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı “Lurer”in sualını cavablandırarkən bildirib.
“Avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat verib, hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimini qorumağa çağırıb. Biz bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlara uyğun olaraq həllinə ehtiyac olduğunu bir daha təsdiqləyirik. Bu, 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndinə əsasən həll edilməli olan Laçın dəhlizinin vəziyyətinə də aiddir. Bu bənd, tərəflərin razılığı ilə yaxın üç ildə Dağlıq Qarabağ və Ermənistanı birləşdirən Laçın dəhlizi ilə yeni marşrutun tikintisi planının qərara alınmasını nəzərdə tutur. Bundan sonar həmin marşrutu qorumaq üçün Rusiya sülhməramlı missiyası yenidən yerləşdirilməlidir”, - deyə Neçayev bildirib.
Diplomat qeyd edib: “Rusiya tərəfi Ermənistan və Azərbaycan tərəfləri ilə daim təmasdadır”. Neçayev Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla avqustun 2-də və 8-də apardığı telefon danışıqlarını, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə təmaslarını xatırladıb.
“Yuxarıda qeyd olunan bütün məsələlər, o cümlədən Laçın dəhlizi məsələsi Azərbaycan və Ermənistan tərəflərini qane edən həll yollarının tapılması üçün məsləhətləşmələrin predmetidir”, - deyən diplomat müzakirələrin təfərrüatlarını açıqlaya bilməyəcəyini qeyd edib.
Rusiya sülhməramlı missiyasının fəaliyyətinə toxunan Neçayev qeyd edib ki, sülhməramlılarına qarşı səsləndirilən fərdi tənqidlər ədalətli deyil.