Moskvada hesab edirlər ki, Azərbaycanla Avropa İttifaqı arasında qaz nəqlinin həcminin artırılması ilə bağlı imzalanmış sənəd Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq Əməkdaşlıq Bəyannaməsinin müddəalarına zidd deyil.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı “Lurer”in sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, istənilən dövlətin kiminlə və necə münasibətləri, o cümlədən neft-qaz sektorunda inkişaf etdirəcəyinə qərar vermək hüququ var.
“Son illər Azərbaycan sosial-iqtisadi inkişaf istiqamətində mühüm sıçrayış edib. Bu, təbii ki, beynəlxalq investorların ölkəyə marağını artırır”, - deyən Neçayev əlavə edib ki, ticarət-iqtisadi əməkdaşlığa dair uzunmüddətli sazişlərin həyata keçirilməsi, eləcə də yeni investisiya proqramlarının hazırlanması, hər iki ölkənin gündəmindədir.