Avqustun 2-də Ermənistan və Rusiya Xarici İşlər Nazirlikləri rəhbərləri arasında telefon danışığı olub.
Tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların yüksək səviyyədə həyata keçirilməsinin gedişini müzakirə ediblər.
“Onların hərtərəfli və səmərəli icrasına, əsasən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması üzrə layihə fəaliyyətinin işə salınması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Yerevanla Bakı arasında münasibətlərin normallaşdırılması baxımından sadiqlik təsdiq edilib”, - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Mirzoyan və Lavrov həmçinin regionda təhlükəsizliklə bağlı mövcud vəziyyəti də müzakirə ediblər.
"44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Bu kontekstdə erməni hərbi əsirlərin və saxlanılan digər şəxslərin azad edilməsinin və qaytarılmasının vacibliyi qarşılıqlı şəkildə qeyd edilib", - Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.