Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin məhbusların mübadiləsi və taxıl ixracı ilə bağlı təkliflərini dinləməyə hazır olduğunu bildirib. Bu barədə Rusiya XİN başçısı jurnalistlərə deyib.
Onun sözlərinə görə, Moskva Vaşinqtondan ABŞ-ın müzakirə etmək istədiyi mövzulara aydınlıq gətirməsini istəyib, lakin hələlik qarşı tərəfdən cavab yoxdur. Lavrov deyib ki, bu günlərdə ABŞ tərəfi bu məsələ ilə bağlı yenidən mətbuatda çıxış edib.
"Əgər biz ABŞ-da və Rusiyada olan məhbusların mübadiləsindən danışırıqsa, artıq XİN səviyyəsində münasibət bildirmişik ki, bu məsələ ötən ilin iyununda ABŞ və Rusiya prezidentləri arasında Cenevrədə baş tutan görüşdə müzakirə olunub və onlar razılaşıb ki, bu məsələnin həlli ilə bağlı xüsusi səlahiyyətlilər təyin etsinlər. Xarici İşlər Nazirliyi isə onların arasında deyil. Ancaq hər halda, gəlin qarşı tərəfin nə deyəcəyini eşidək”, - Lavrov bildirib.
Rusiya XİN başçısı vurğulayıb ki, Ukrayna taxılı ilə bağlı onların BMT Baş katibinin təşəbbüsü fonunda üzərinə götürdükləri öhdəlikləri necə yerinə yetirəcəklərini eşitmək maraqlı olardı. Lavrov Blinkenlə telefon danışığının tarixinin razılaşdırılma mərhələsində olduğunu, lakin iyulun 29-da bu telefon danışığının baş tutmayacağını deyib.