Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşün yekunlarına əsasən çıxış edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Ararat Mirzoyan qeyd etdi ki, çexiyalı həmkarı ilə iqtisadiyyat, ticarət və investisiya sahələrində potensialın reallaşdırılması, eləcə də mədəniyyətlərarası mübadilələrin və insanlar arasında əlaqələrin təşviqi üçün maksimum səy göstərməyə razılaşıblar.
“Bu gün biz regional və beynəlxalq təhlükəsizlik məsələlərini də ətraflı müzakirə etdik, Dağlıq Qarabağ münaqişəsinə və Dağlıq Qarabağ xalqına qarşı başladılan 44 günlük müharibə nəticəsində yaranan vəziyyətə toxunduq.
Mən nazir Lipavskiyə Ermənistanın regionumuzda sülh və sabitliyin bərqərar olması istiqamətindəki mövqeyi və səyləri təqdim etdim. Burada ATƏT-in Minsk qrupunun həmsədrliyi Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həllinə nail olunmasında mühüm rol oynayır. Bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinin səylərinə və roluna davamlı dəstəyə görə Çexiya tərəfinə minnətdarlığımı bildirirəm.
Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasından təxminən iki il sonra da humanitar məsələlər hələ də həllini tapmayıb. Azərbaycan erməni hərbi əsirləri və mülki şəxslərindən siyasi alət kimi istifadə edərək onları girov saxlamaqda davam edir.
Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə erməni mədəni və dini irsinin məhv edilməsi və təhqir olunması siyasəti də çox narahatedicidir. Bu baxımdan beynəlxalq ictimaiyyətdən müvafiq cavab və əməli addımlar gözləyirik.
Güc tətbiqi və insan haqlarının kütləvi şəkildə pozulması nəticəsində yaranan reallıqlar regionda sülh və təhlükəsizlik üçün sabit zəmin yarada bilməz. Ermənistan dəfələlərlə regionumuzda davamlı sülh və inkişaf naminə ilkin şərtlərdən və döyüşkən ritorikadan uzaq konstruktiv dialoqa hazır olduğunu bəyan edib”,- nazir qeyd etdi.