İyulun 25-də “Tərtər işi” üzrə həbs olunmuş bəzi hərbçilərin bir çox yaxınları Bakıda Baş Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər. “Azadliq.org” saytına əsasən, onlar həbs olunmuş yaxınların azadlığa buraxılmasını tələb ediblər.
"Uşaqlarımıza günahsız yerə 18-20 il həbs veriblər. Onların günahı yoxdur. Deyirlər ki, “Tərtər işi” yenidən araşdırılır, 8 ay keçib, amma biz bunun nəticəsini yenə də görmürük. İşgəncə verən insanlar və buna sifariş verənlər hələ də həbs olunmayıb. İstintaq müəyyən etməlidir ki, onlar hansı ölkəyə xidmət edirlər", - deyə aksiya iştirakçılarından biri vurğulayıb.
Aksiya iştirakçıları iş üzrə istintaq qrupunun rəhbərinin onları qəbul etməsini istəyiblər. Daha sonra onlardan bəziləri qəbula aparılıb.
“Tərtər işi” üzrə həbs olunmuş hərbçilərin yaxınları bundan əvvəl də Bakıda müxtəlif rəsmi qurumların qarşısında eyni tələblə aksiyalar keçiriblər. Onlara şikayətlərinin araşdırıldığı cavabı verilib.
2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi” üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Prokurorluq sonra da məlumat yaymışdı ki, iş üzrə işgəncə şikayətləri ilə bağlı yeni həbs edilənlər var və zərərçəkənlərin sayı xeyli artıb.