Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) iyulun 20-də Bakıda ölkənin quru sərhədlərinin açılması tələbilə keçirilən etiraz aksiyasının dağıdılmasını pisləyib. Bu barədə “Turan” agentliyi məlumat yayıb.
"Azərbaycanın quru sərhədləri heç bir hüquqi əsas olmadan bağlanıb və bu vəziyyət uzun müddətdir ki, davam edir. Rəsmi elan edilmiş səbəblər bu qanunsuz qərara haqq qazandırmır" - deyə Şuranın bəyanatında deyilir.
Milli Şura hesab edir ki, sərhədlərin qapalı saxlanması hakimiyyətin korrupsiya maraqlarına xidmət edir.
İyulun 20-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun təşəbbüsü ilə keçirilən aksiya vətəndaşların qanunçuluğa, vətəndaş hüquq və ləyaqətinə əməl etməklə bağlı tələblərinin nümayişi olub. Bakı meriyasının aksiyanı razılaşdırmaqdan imtina etməsi Konstitusiyanın aşkar pozulmasıdır.
“Piket iştirakçılarına qarşı polis zorakılığı, adekvat olmayan güc tətbiqi, ümumiyyətlə, polisin bu aksiyaya müdaxiləsi hüquqi dövlət anlayışı ilə bir araya sığmayan qabalıqdır”, - bəyanatda deyilir.
Demokratik Qüvvələrin Milli Şurası hakimiyyətdən dinc etirazların güc yolu ilə dağıdılması praktikasına son qoymağı tələb edib və beynəlxalq birliyi Azərbaycan vətəndaşlarının fundamental azadlıqlarının pozulmasına biganə qalmamağa çağırıb.