Hüquq mühafizə təşkilatları Avropanı qeyri-rus enerji mənbələri ilə təmin etmək məqsədi ilə Azərbaycandan qaz tədarükünün artırılmasına dair Aİ-nin razılaşmasını tənqid ediblər, “The Guardian” yazır.
Avropa Komissiyasının sədri Ursula fon der Layen Xəzər dənizindən qazı Avropaya çatdıracaq 3500 km uzunluğunda qaz kəmərinin genişləndirilməsi üçün cənub qaz dəhlizi üzrə Bakı ilə razılıq əldə edib. Azərbaycan “vacib” və “etibarlı” enerji tərəfdaşı kimi təqdim edilib.
“Hakimiyyətinin 19 ili ərzində ölkədə tüğyan edən korrupsiyaya, fəalların və müstəqil medianın təzyiqlərinə rəhbərlik edən Əliyev Aİ ilə enerji sahəsində imzalanan anlaşma memorandumunu “gələcəyin yol xəritəsi” adlandırıb”- deyə vurğulanıb.
Müqaviləyə əsasən, 2027-ci ildə Azərbaycandan Aİ-yə qaz tədarükünün indiki 8 milyarda nisbətdə ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. 2023-cü ilə qədər tədarük 12 milyarda çatacaq.
Enerji sazişinin Aİ ilə Azərbaycan arasında ticarət, aviasiya və Bakı limanının inkişafı sahəsində daha dərin əməkdaşlığa yol açacağı gözlənilir.
“Human Rights Watch” təşkilatı bəyan edib ki, Aİ Azərbaycanla siyasi islahatlar, o cümlədən bir çox siyasi məhbusların azad edilməsi, QHT və medianın fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran qanunlara dəyişikliklər tələb etmədən memorandum imzalamamalı və ya yeni ikitərəfli saziş imzalamamalı idi.
“Human Rights Watch” təşkilatının Aİ direktoru vəzifəsini icra edən Filip Dam bildirib ki, Azərbaycan neft və qazdan “Aİ-ni fundamental hüquqlar məsələsində susdurmaq” üçün istifadə edir. “Reallıq ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti korrupsiyanı araşdıran vətəndaş cəmiyyəti fəallarına qarşı təzyiqləri ilə məşhurdur, xüsusən də söhbət neft və qazdan gedir. "Aİ orada vətəndaş cəmiyyəti qruplarının fəaliyyəti məhdudlaşdırılanda, siyasi narazılıqlar əziləndə Azərbaycanın etibarlı olduğunu deməməlidir"- deyə Dam qeyd edib.