17 iyul 2022-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Ararat Mirzoyan və Karen Donfrid regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Nazir Mirzoyan Donfridə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son gedişatları təqdim edib. Tərəflər regional nəqliyyat infrastrukturlarının və iqtisadi əlaqələrin açılması prosesinə, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının işinə də toxunublar.
İyulun 16-da Gürcüstan tərəfinin ev sahibliyi ilə Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı fikir mübadiləsi aparılıb. Ararat Mirzoyan vurğulayıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrliyinin və həmsədr ölkələrin rolunu vacib sayır.