ABŞ Konqresinin Erməni Komitəsinin üzvləri “FY 2023 National Defense Authorization Act”-da dəyişiklik təklif edərək bir sıra qanunvericilik təşəbbüsləri ilə çıxış ediblər. Bu barədə Amerikanın Səsi xəbər verir.
Qanunvericilik təşəbbüslərindən dördü artıq ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Komitəsindən müsbət rəy alıb və ona əsasən, bu qanunvericilik layihələri ABŞ Nümayəndələr Palatasının tam iclasında səsverməyə çıxarılacaq.
611 saylı düzəliş (əvvəllər 698) konqresmen Adam Şiff tərəfindən təqdim edilib. O, təkid edir ki, Azərbaycan hökuməti bütün erməni hərbi əsirləri və əsir götürülmüş mülki şəxsləri dərhal geri qaytarmalıdır. Konqresin 25-dən çox üzvü bu qanun layihəsinin həmmüəllifləri kimi qoşulub.
121 saylı düzəliş (əvvəllər 837) konqresmenlər Toni Kardenas və Bred Şerman tərəfindən təqdim edilib. Qanun layihəsi Dövlət Departamenti və Müdafiə Departamentindən Azərbaycanın 2020-ci ildə Qarabağda müharibə zamanı istifadə etdiyi PUA-larda ABŞ-ın ehtiyat hissələrinin istifadəsi, Azərbaycanın ağ fosfor, kaset bombası və digər qadağan olunmuş silahlardan istifadə etməsi, Türkiyə və Azərbaycan tərəfindən əcnəbi terrorçu döyüşçülərin cəlb edilməsi ilə bağlı hesabat hazırlamağı tələb edir.
399-cu düzəliş (əvvəllər 478) konqresmenlər Kris Pappas və Qas Bilirakis tərəfindən təqdim edilib. O, F-16 və ya F-16 təkmilləşdirmə paketlərinin Türkiyəyə satışı və ya təhvil verilməsi ilə bağlı müvafiq tələblər qoyacaq. Təxminən 17 konqresmen bunu dəstəkləyib.