Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya əlavə 1 milyard avro makromaliyyə yardımı ayırıb.
Aİ Şurasının saytına görə, müvafiq qərar bu gün qəbul edilib.
"Bu ilin əvvəlində ayrılmış 1,2 milyard avroluq makromaliyyə yardımı ilə birgə, müharibənin başlanmasından bəri Aİ-dən Ukraynaya ümumi makromaliyyə dəstəyi indi 2,2 milyard avroya çatır və yaxın aylarda daha da artacağı gözlənilir", - Aİ Şurasının mətbuat xidməti bildirib.
Qeyd olunub ki, bu gün qəbul edilən maliyyə yardımı Ukraynanın təcili maliyyə ehtiyaclarını ödəmək məqsədi daşıyır. Bu maliyyə dəstəyi yüksək güzəştli, uzunmüddətli kredit formasında olacaq. Onun müddəti bir il olacaq, bir və ya bir neçə tranşda ödəniləcək.
Maliyyə yardımının verilməsi Ukrayna hakimiyyəti ilə anlaşma memorandumu razılaşdırıldıqdan sonra baş tutacaq.