Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) və İnsan Hüquqları uğrunda Beynəlxalq Əməkdaşlıq təşkilatı (IPHR) Azərbaycanda sosial və iqtisadi hüquqlar barədə tematik hesabat hazırlayıblar.
BİHK-nin press-relizinə əsasən, 75 səhifəlik araşdırma aşağıdakı 4 konkret sahəni əhatə edir: (1) əmək hüququ; (2) adekvat yaşayış standartları hüququ; (3) yüksək səhiyyə standartlarına çıxış hüququ (sağlamlıq hüququ); (4) təhsil hüququ.
Hesabatlarda hər bir istiqamət üzrə Azərbaycan hökumətinə ünvanlanmış tövsiyələri əks olunub, deyə BİHK rəhbəri Rəsul Cəfərov bildirib.
"Araşdırmanın əsas nəticələri göstərir ki, Azərbaycan əhalisinin əksər hissəsi aşağı gəlir, ərzaq və ya mənzil əldə etmək imkanının az olması ilə əlaqədar lazımi həyat səviyyəsinə malik deyil. Təhlil göstərir ki, ev təsərrüfatlarının böyük hissəsi gəlirlərin az olması və ya dövlət dəstəyinin kifayət qədər olmaması səbəbindən öz-özünü təmin edə bilmir. Sorğu nəticələri göstərir ki, zəruri xərcləri ödəmək iqtidarında olan ev təsərrüfatlarının payı 30%-dən çox deyil", deyə araşdırmada bildirilir.
Pandemiya dövrü işsizliyin artması ilə əlaqədar xüsusilə ağır olub, dövlət isə ailənin yalnız bir işsiz üzvünə ayda 190 manat (110 dollar) dəstək verib, bu da bir nəfər üçün yaşayış minimumdan azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycanda adambaşına gəlir ildə 4039,60 manat (həmin vaxt təqribən 4000 avro) təşkil edib. Amma 2020-ci ildə adambaşına düşən 5587 manatlıq gəlir cəmi 2790 avro təşkil edib. Yəni reallıqda 2015-2016-cı illərin devalvasiyası və yüksək inflyasiya ilə əlaqədar əhalinin gəliri 73% azalıb.
Səhiyyə sisteminə gəlincə, kənd yerlərində tibbi mərkəzlərin çatışmazlığı xüsusi olaraq vurğulanır..
Təhsil sahəsində ali təhsil sahəsinin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul etmək tövsiyə olunur.
Eyni zamanda, şagirdlərin tam orta təhsilə həvəsləndirilməsi yolu ilə xüsusən qızlar arasında və kənd yerlərindəki ümumtəhsil məktəblərində məktəbdən yayınma səviyyəsinin azaldılması üzrə dövlət proqramı işləyib hazırlamaq təklif olunur.