Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ticarət, iqtisadiyyat, texnologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Ermənistan-Hindistan hökumətlərarası komissiyasının 8-ci iclasında iştirak etmək üçün Ermənistanda səfərdə olan Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sancay Vermanı qəbul edib.
ER xarici işlər naziri qeyd edib ki, Hindistanla münasibətlərin ardıcıl inkişafı Ermənistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Tərəflər regional nəqliyyat kommunikasiyaları layihələrinin, xüsusilə də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi, Çabahar limanı, eləcə də “Fars körfəzi-Qara dənizi” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub. Ararat Mirzoyan Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti, o cümlədən regionda sabitlik və sülhün bərqərar olmasına yönəlmiş proseslərlə bağlı Ermənistanın mövqeyini təqdim edib.
ER XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həllinə nail olunmasında ATƏT-in Minsk Qrupunun həmsədrliyinin vasitəçilik rolunu vurğulayıb və Hindistan tərəfinin ATƏT-in Minsk mandatı altında sülh yolu ilə nizamlanma prosesini dəstəkləmək mövqeyindən məmnunluğunu ifadə edib.
Ararat Mirzoyan Cammu və Kəşmir məsələsində Ermənistanın Hindistanı dəstəklədiyini də təsdiqləyib.
Təkbətək söhbətdən sonra ER xarici işlər naziri Ararat Mirzoyanın və dövlət katibinin həmsədrliyi ilə ticarət, iqtisadiyyat, texnologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Ermənistan-Hindistan hökumətlərarası komissiyasının 8-ci iclası keçirilib.
İclasın sonunda Ararat Mirzoyan və Sancay Verma Ermənistan-Hindistan hökumətlərarası komissiyasının 8-ci iclasının protokolunu imzalayıblar.