ER ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfirinin müavini Əli Mötəqi və səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Xavari Puri ilə görüşüb. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazir müavini Simonyan iki ölkənin yükdaşıyanlarını vergi və rüsumlardan azad etməyi, eləcə də yüngül sərnişindaşıma vasitələri ilə iki ölkəyə giriş-çıxış şəraitinin yaxşılaşdırılmasını təklif edib.
Armen Simonyan qeyd edib ki, yükdaşıyanların vergidən azad edilməsi iki ölkə arasında münasibətlər, iqtisadiyyatların aktivləşməsi, malların son qiyməti üçün ciddi, müsbət təkan olacaq və İran tərəfinin Ermənistanı tranzit yüklərin daşınması üçün daha cəlbedici ölkə hesab etməsinə imkan verəcək.
Əli Mötəqi qeyd edib ki, vergidən azad olunma və ya azaldılması hər iki ölkə üçün təsirli addım olacaq.
Görüş zamanı yükdaşıma və birbaşa daşımalarla bağlı qarşılıqlı maraq doğuran digər vacib məsələlər müzakirə olunub.