İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olması prosesi çox çəkməyəcək, Rusiya bu qərarı alqışlayır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Abdullahiyanla Tehranda danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərincə, bu ilin sentyabrında Səmərqənddə ŞƏT-in növbəti sammitində memorandum imzalanacaq və İranın ŞƏT-ə daxil olmasının hüquqi və vaxt çərçivəsi aydın şəkildə göstəriləcək.
“Bu proses çox uzun sürməməlidir” - deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov qeyd edib ki, Rusiya ötən il İranın ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olması üçün başlatdığı rəsmi prosesi alqışlayır: “Biz əminik ki, Tehran formalaşmaqda olan çoxqütblü dünya nizamının əsas mərkəzlərindən biri kimi, Şanxay Əməkdaşlıq Təşkilatının möhkəmlənməsinə mühüm töhfə verəcək”.