Avropa Şurası Venesiya Komissiyası iyunun 20-də Azərbaycanın "Media haqqında" qanunu ilə bağlı rəy bildirib.
Azərbaycan KİV-in yaydığı məlumata görə, dörd ekspertin hazırladığı 22 səhifəlik rəy VK-nin 17-18 iyun tarixlərində keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.
Venesiya Komissiyası belə qərara gəlib ki, Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanun tətbiq edilməməlidir.
Venesiya Komisiyası öz rəyində müəyyən müddəaları əsas hədəf alıb.
"Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da "dondurucu effekt"ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya "ictimai nəzarətçi" rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir.
Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir", deyə məlumatda bildirilir.
Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edib ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməli olduğu vurğulanır.