İyunun 16-da Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT Təhlükəsizlik Şurasının Katibləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Yerevana gələn rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb.
Görüş zamanı qeyd olunub ki, iki ölkənin Təhlükəsizlik Şurasının ofisləri arasında əməkdaşlığı genişləndirmək üçün bütün zəruri imkanlar və ilkin şərtlər mövcuddur.
“İkitərəfli əməkdaşlıq çərçivəsində təhlükəsizlik məsələlərinin geniş spektrini müzakirə etdik. Nikolay Patruşev Ermənistanın Rusiyanın strateji tərəfdaşı olduğunu və Moskvanın regional təhlükəsizliyin təmin edilməsində Ermənistanı dəstəklədiyini vurğulayıb.
Mən rusiyalı həmkarıma regional təhlükəsizlik vəziyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, demarkasiya və delimitasiya komissiyalarının işi, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi barədə məlumat verdim”,-deyə Qrioqoryan bildirib.