İyunun 14-də Yerevanda Ermənistan Respublikasının və Latviya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Ermənistan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Tigran Samvelyan, Latviya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Anjeys Uilyamsons başçılıq edib.
Məsləhətləşmələr zamanı ikitərəfli dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, dərinləşdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın təşviqi imkanları, o cümlədən iqtisadi əlaqələrin aktivləşdirilməsi və ticarət dövriyyəsinin artırılmasına yönəlmiş əməli addımlar müzakirə edilib. Beynəlxalq təşkilatlarda əməkdaşlığın və onun inkişafının vacibliyi vurğulanıb.
Məsləhətləşmələrin sonunda Latviya nümayəndə heyətini ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan qəbul edib. Tərəflər regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrliyinin səylərinə dəstək olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Latviyanın mövqeyini vacib hesab edib.