KTMT-yə üzv dövlətlərin Xİ Nazirləri Şurasının iclasının yekunları ilə bağlı Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nin baş katibi Stanislav Zas mətbuat üçün bəyanatlarla çıxış edib. Ararat Mirzoyan xüsusilə qeyd edib:
“Biz KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri və KTMT-nin baş katibinin iştirakı ilə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasını yekunlaşdırdıq. Cari il biz Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30 illiyini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradılmasının 20 illiyini qeyd edirik, bununla əlaqədar mən hamımızı bir daha təbrik etmək istəyirəm.
Dar, sonra isə geniş tərkibdə keçirilən iclasları zamanı biz KTMT-yə üzv dövlətlərin xarici işlər nazirləri ilə beynəlxalq və regional təhlükəsizlik sahələrində inkişaf tendensiyalarını, onların ölkələrimizin təhlükəsizliyinə təsirini müzakirə etdik.
Biz böhrana cavab mexanizmlərinin təkmilləşdirilməsi məsələsinə də toxunduq ki, bu, bildiyiniz kimi, Ermənistanın KTMT-də sədrliyinin prioritetidir. Yanvar ayında təşkilat Qazaxıstanda baş verən hadisələrə vaxtında reaksiya verib, lakin 2021-ci ilin mayından başlamış Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisinə soxulması məsələsi həll olunmamış qalır.
Biz, həmçinin 2021-ci ilin sentyabrında Kollektiv Təhlükəsizlik Şurasının sessiyası çərçivəsində KTMT-yə üzv dövlətlərin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaların icrasına və Ermənistanın sədrliyinin prioritetlərinə toxunduq.
Qeyd etmək istəyirəm ki, Ermənistan KTMT çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə, o cümlədən KTMT çərçivəsində xarici siyasət koordinasiyasının inkişafına və təşkilatın beynəlxalq aləmdə rolunun aktivləşdirilməsinə yönəlmiş təşəbbüskar əməkdaşlığa sadiq qalıb və qalmağa davam edir”.
Onun sözlərincə, KTMT xarici işlər nazirləri Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının bu ilin dördüncü rübündə yenidən Yerevanda keçirilməsi barədə razılığa gəliblər.