Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, münaqişənin sona çatması və praktiki problemlərin həlli prosesində mühüm müsbət aralıq nəticələri qeydə alırıq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O, yekun razılaşmaların əldə oluna biləcəyinə əminliyini ifadə edib.
“Biz şadıq ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin təsis sessiyası baş tutub. Növbəti iclasın Moskvada keçirilməsi planlaşdırılır"- deyə Lavrov əlavə edib.
Rusiya xarici işlər naziri həmçinin bildirib ki, baş nazir müavinlərinin rəhbərlik etdiyi regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın işlərində mühüm irəliləyiş qeydə alınıb.
Lavrov vurğulayıb ki, danışıqlar prosesində Ermənistan və Azərbaycanın təqdim etdiyi təkliflər nəzərdən keçirilir.