ER Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Gündəliyimizin əsas məsələsi regional təhlükəsizlik və DQ münaqişəsinin həllli ilə bağlıdır. Biz, əlbəttə, bu məsələni və digər məsələləri Rusiya ilə olduqca intensiv şəkildə müzakirə edirik”- deyə Nikol Paşinyan qeyd edib.
Regional kommunikasiyaların açılmasına gəlincə, Nikol Paşinyan baş nazir müavinlərinin rəhbərliyi ilə fəaliyyət göstərən üçtərəfli işçi qrupunun son görüşünə toxunub: “Ümid edirəm ki, yaxın gələcəkdə biz bütün regionun mənafeyi, sabitlik və sülh naminə strateji əhəmiyyət kəsb edən bu məsələnin həlli üçün konkret razılaşmalar əldə edə biləcəyik”.
Onun sözlərincə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının gündəliyi çox vacibdir.
“Bilirsiniz ki, bu yaxınlarda Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli işçi komissiyasının ilk iclası keçirildi. İkinci görüş artıq Moskvada, üçüncü görüş Brüsseldə baş tutacaq. Bu kontekstdə bu prosesin baş tutması və təbii şəkildə davam etməsi və səmərli olması üçün Rusiya Federasiyasının dəstəyini gözləyirik”.
ER Baş naziri Azərbaycanda olan hərbi əsirlərin və digər saxlanılan şəxslərin vətənə qaytarılması məsələsini də vurğulayıb.