Ermənistan və Norveçin xarici işlər nazirləri Ermənistan Respublikası ilə Norveç Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə mesaj mübadiləsi aparıblar.
ER XİN rəhbəri Ararat Mirzoyan xüsusilə qeyd edib ki, iki ölkə arasında qarşılıqlı hörmət, demokratik dəyərlərə sadiqlik, qanunun aliliyi, insan hüquqlarına hörmət, eləcə də tarixən isti əlaqələr üç onillikdə əməkdaşlıq üçün zəmin yaradıb.
Norveçin COVID-19 ilə mübarizədə göstərdiyi misilsiz dəstəyə görə minnətdarlığını bildirən nazir Mirzoyan Ermənistan və Norveçin əməkdaşlığın inkişafına və ikitərəfli gündəliyin genişləndirilməsinə birgə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Norveçin xarici işlər naziri Anniken Hütfeldt qeyd edib ki, Ermənistan və Norveç BMT, ATƏT və AŞ-yə üzv dövlətlər kimi ikitərəfli münasibətlərini beynəlxalq öhdəliklər və ümumi dəyərlər prinsipləri əsasında qururlar.
Norveçin xarici işlər naziri Ermənistanla əlaqələrin daha da möhkəmlənməsini vurğulayıb, Norveç hökumətinin hər iki xalqın mənafeyi naminə demokratik dəyərlərə və insan hüquqlarına hörmətə əsaslanan Ermənistanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiq edib.