Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi mayın 28-də Azərbaycan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb:
“Biz mayın 28-də Azərbaycan silahlı qüvvələrinin Ermənistanla sərhəd zonasının cənub-şərq istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmasını qətiyyətlə pisləyirik. Atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, sıravi Davit Vardanyan həlak olub. Həlak olan hərbçinin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.
Diqqətəlayiqidir ki, bu təxribatdan əvvəl Azərbaycan prezidenti mayın 27-də Ermənistan Respublikasının suveren ərazisinə qarşı ambisiyalar əks etdirən qeyri-konstruktiv və döyüşkən xarakterli bəyanatlar səsləndirib.
Bununla əlaqədar xatırlatmaq istərdik ki, Azərbaycan silahlı qüvvələrinin bölmələri 2021-ci ilin may ayından Sotk-Xoznavar hissəsində qanunsuz olaraq Ermənistan Respublikasının suveren ərazisinə daxil olublar və 45 kvadrat kilometrdən çox ərazini işğal ediblər.
Mayın 28-də və keçmişdə baş verən analoji təxribatlar və insidentlər, atəşkəs rejiminin mütəmadi pozulması Ermənistan-Azərbaycan sərhədindən qoşunların güzgü variantında geri çəkilməsinin və sərhəddə müşahidə missiyasının yerləşdirilməsinin zəruriliyini bir daha əsaslandırır ki, bu barədə Ermənistan tərəfi dəfələrlə qaldırıb.
Nəzərə alsaq ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiya artıq fəaliyyətə başlayıb, bu hadisə komissiya tərəfindən araşdırılmalı və qiymət verilməlidir.
Eyni zamanda xatırladırıq ki, 2020-ci il 9 noyabr tarixli bəyanatla müəyyən edilmiş atəşkəs rejiminin bundan əvvəl kobud şəkildə pozulması nəticədə Azərbaycan ordusu Dağlıq Qarabağın Rusiya sülhməramlı qoşunlarının tabeliyində olan Parux kəndinə girmişdi.
Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, KTMT-nin, Avropa İttifaqının və bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın təxribat xarakterli hərəkətlərinə və bəyanatlarına, Cənubi Qafqazda sülh səylərinə zərbə vurmağa yönəlmiş aqressiv ritorikaya düzgün və məqsədyönlü qiymət verməsini vacib hesab edirik.
Biz Azərbaycan rəhbərliyini təxribat xarakterli hərəkətlərdən və ritorikadan çəkinməyə, üçtərəfli bəyanatları və Brüssel görüşləri nəticəsində regionda sabitlik və təhlükəsizliyin bərqərar olunması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq”.