Mayın 24-də "Tərtər işi" üzrə fiqurantların qohumları Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər. Onlar təkrar istintaqın, məhkumlara və əziyyət edilmiş hərbçilərə qarşı işgəncə faktlarının araşdırılmasının gedişindən narazıdırlar.
“Turan” agentliyinə əsasən, aksiya iştirakçıları qeyd ediblər ki, istintaqın yenilənməsinə baxmayaraq, işlərin saxtalaşdırılmasında, işgəncələrdə və qətllərdə əli olan məmurların bir çoxu məsuliyyətdən kənarda qalıb.
Onlar bütün günahkarların cəzalandırılmasını tələb ediblər. Etirazçıların nümayəndələri Baş Prokurorluğa dəvət olunub.
Qeyd edək ki, 2017-ci ilin yazında bir qrup hərbçi və mülki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan MN bölmələrinə qarşı təxribat hazırlamaq ittihamı ilə həbs edilib. İstintaq zamanı səkkiz nəfərə ölüncəyədək əziyyət edilib, beş nəfər ölümündən sonra bəraət alıb.
2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən “Tərtər işi” üzrə istintaq yenidən başlayıb. Bu ilin aprel ayına kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Eyni zamanda, əsassız olaraq mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib. Bundan əlavə, 10 nəfər həbs edilib.