“Rusiya yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işə başlamağın mümkün olacağına ümid edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Zaxarova vurğulayıb ki, Moskva Rusiyanın konsultativ yardımı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıdır:
Onun sözlərinə görə, rəsmi Moskva Rusiyanın məşvərətçi yardımı ilə ikitərəfli komissiyanın yaradılması barədə ardıcıl çıxış edir: "Prosesə başlamaq üçün liderlərin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmasında qeyd olunduğu kimi iki ölkənin sərhədində sabitlik və təhlükəsizliyin səviyyəsini qaldırmaq üçün addımlar atmaq lazımdır. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Düşənbədə keçirilən üçtərəfli görüşündə də müzakirə olunub. Tərəflər məlumat verdilər ki, onlar komissiyaların milli nümayəndə heyətlərinin formalaşdırılması prosesinin sonuna yaxındırlar. Rusiya öz ekspert komandasını artıq formalaşdırıb. Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı praktiki işə başlamağa nail olunacaq. Əminik ki, hər cür sərhədyanı insidentin qarşısını almaq üçün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın işə başlaması tələb olunur.”, - o fikrini yekunlaşdırıb.