Brüsseldə səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə sual-cavab zamanı Azərbaycanla danışıqlar prosesinə toxunub və qeyd edib ki, Ermənistan sülh barədə öz mövqeyini bildirmişdir:
‘’Azərbaycanın təklif etdiyi məqamlarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir. Və bu baxımdan bizim üçün Artsaxda hüquq və təhlükəsizlik məsələlərini, eləcə də Aartsaxın statusunu müzakirə etmək vacibdir.
Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi vacibdir. Hələlik bu məqamlarla bağlı Azərbaycandan müsbət cavab eşitməmişik. Amma bilirsiniz ki, bu danışıqların mümkün olması üçün səylər göstərilir. Ona görə də mən yalnız bizim hazırlığımızı, regionumuzda sülh və sabitliyə sadiqliyimizi vurğulaya bilərəm. Amma bunun üçün hər iki tərəfin istəyi lazımdır’’,-deyə Mirzoyan vurğuladı.
Ermənistanın xarici işlər naziri iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üçün müştərək komissiyanın mayın 16-17-nə təyin edilmiş iclasının niyə baş tutmaması ilə bağlı sualı cavablandırarkən deyib:
“Düz deyirsiniz, görüş baş tutmadı, amma sizi əmin edə bilərəm ki, görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var. Ümid edirəm ki, Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyası üzvlərinin iclası yaxın günlərdə və ya həftələrdə baş tutacaq”.