Azərbaycanın milli aviaşirkəti "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) 2021-ci ilin əvvəlinə olan borcları açıqlanıb və bu borcların həcmi 2,18 milyard manatdan çoxdur. Bu barədə “Amerikaninsesi.org” saytı məlumat yayıb.
"Deliotte" audit şirkətinin AZAL-ın 2020-ci il üzrə maliyyə hesabatında bildirilir ki, 1 yanvar 2021-ci ilədək AZAL-ın 2 milyard 183,79 milyon manat ekvivalentində borc öhdəliyi var. Bu borcların 1184,11 milyon manat ekvivalenti ABŞ dollarında, 672,52 milyon manatı milli valyutada və 39,39 milyon manat ekvivalenti isə avrodadır.
Audit rəyində qeyd edilir ki, AZAL-ın borclarının 905,86 milyon manatı bir ildən aşağı olan və 1 milyard 277,93 milyon manat ekvivalenti 5 ilədək müddətli olan kreditlərdir.
İqtisadçı Natiq Cəfərli bildirib ki, inhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən.
Ekspertlər vəziyyətdən çıxış üçün ölkənin hava limanlarının daha effektiv şirkətlərə idarəetməyə verilməsini göstərir.
"Söhbət konkret AZAL-dan gedirsə köklü islahatlar lazımdır. Çünki, bu cür idarəçilik mümkün deyil. Hazırki idarəçiliyə görə Azərbycan Hava Yolları Şirkəti dövlətə xeyir gətirmir, milyonlarla borcu yaranıb.” ekspert Emil Quliyev bir qədər əvvəl Amerikanın Səsinə deyib.
Ekspert əsas səbəb kimi AZAL-ın inhisarçı siyasətini göstərir.
"Yəni, bu nədən ibarətdir? AZAL nümayəndələri dəfələrlə bildiriblər ki, monopolist deyillər, heç kimə təzyiq göstərmirlər. Amma AZAL-ın sisteminin özü artıq monopoliyadır. Yəni, bu nədən ibarətdir? Milli aviadaşıyıcı ilə aeroport bir şirkətin əlində cəmləşib. Mən Avropada ikinci belə ölkə tanımıram ki, belə bir hal olsun. Yəni, bu halın olması artıq rəqabət prinsiplərinə ziddir," o qeyd edib.