2021-ci ilin dekabrında yaradılmış“3+3” regional konsaltinq platforması tələb olunan və perspektivli mexanizmdir. Bunu TASS agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Rudenko deyib.
“Biz Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlığın inkişafı üçün bu formatdan fəal istifadə etməyi planlaşdırırıq. Bu cür əməkdaşlığın məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən və qarşılıqlı etimadın artmasına töhfə verən məsələləri kollektiv şəkildə müzakirə etməkdir” – deyə diplomat bildirib.
Onun sözlərinə görə, proses ticarət, energetika, sənaye, innovativ texnologiyalar və infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi yolu ilə Yerevan və Bakı, Yerevan və Ankara arasında dialoqun qurulmasına əlverişli şərait yaradır.
Rudenko bildirib ki, hazırda formatın ikinci iclasına hazırlıq gedir. İlin birinci yarısının sonuna kimi keçirilməsi gözlənilir.
Nəqliyyat və iqtisadi əlaqələrin açılmasına toxunan Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bu istiqamətdə xeyli iş görülüb və yaxın vaxtlarda dəqiq qərar qəbul oluna bilər ki, bu da regionda aydın layihələrə start verməyə imkan verəcək.
Rudenko əlavə edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri daimi təmasdadır və lazım gələrsə, görüş təşkil olunacaq.