Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Litva Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bakıda Litva Prezidenti Gitanas Nausedanın Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcəyi gözlənilir.
Səfər zamanı iki ölkə arasında enerji və iqtisadiyyat sahəsində əməkdaşlığın, Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyətin, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın müzakirə olunacağı planlaşdırılır.
Bundan başqa, Gitanas Nauseda Litva-Azərbaycan biznes forumunda iştirak edəcək, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşəcək.
Mənbənin məlumatına görə, mayın 19-da Nauseda Yerevana gedəcək, orada Ermənistan Prezidenti Vahagn Xaçaturyan, Baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla görüşəcək.
Görüşlərdə Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, ölkədə aparılan demokratik islahatlar, “Şərq tərəfdaşlığı” formatında Avropa İttifaqı-Ermənistan əməkdaşlığı, həmçinin Litva və Ermənistan arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.
Nausėda həmçinin Ermənistanın katolikosu II Qareginlə, Litva icması ilə görüşəcək.
Səfərdə prezidenti birinci xanım Diana Nausediene müşayiət edəcək. O, hər iki ölkənin birinci xanımları ilə görüşəcək. Sosial və mədəni layihələrin təqdimatında iştirak edəcək.