Mayın 11-də Niderlandda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Klinqendeyl Beynəlxalq Münasibətlər İnstitutunda olub.
Nikol Paşinyan regional təhlükəsizliyin təmin edilməsi istiqamətində ER tərəfindən atılan addımları təqdim edib. O, xüsusilə, Azərbaycanla münasibətlərin normallaşması prosesi barədə ətraflı məlumat verib:
“Regional kommunikasiyalar açmaq lazımdır ki, Azərbaycanla dəmir və avtomobil yollarımız fəaliyyətə başlasın. Biz Türkiyə ilə dialoqa başladıq, ilkin şərt olmadan münasibətləri normallaşdırmağa başlamağa razılaşdıq”,-o qeyd edib.
Paşinyan beynəlxalq ictimaiyyəti öz vətənlərində yaşamaq hüququ uğrunda mübarizə aparan Dağlıq Qarabağ ermənilərinə kömək etməyə çağırıb və qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatların regiona çıxışını əngəlləyir:
“Bu gün bir çox beynəlxalq təşkilatların – BMT, YUNESKO, ATƏT-in Dağlıq Qarabağa girişi Azərbaycan tərəfindən əngəllənir. Əgər reallığı dəyişmək arzusu yoxdursa, deməli bu siyasət o qədər də aydın deyil”.Paşinyan bildirdi.
ER Baş naziri bildirib ki, Ermənistan sülh gündəmini qəbul edib və Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası yolu ilə gedir:
“Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı öz ideyalarını təqdim edib, burada beş əsas məqam var. Söhbət bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, sərhədlərin demarkasiyası və delimitasiyasından, bir-birinə qarşı ərazi iddialarının olmamasından gedir.
Bu təkliflərdə bizim üçün qəbuledilməz olan heç nə yoxdur, lakin bütün məsələləri əhatə etmir. Biz təhlükəsizlik məsələlərini, Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və Dağlıq Qarabağın yekun statusunu gündəmə gətirdik.
Aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik. Dedim ki, bizə təklif olunan məqamlarda qəbuledilməz heç nə yoxdur. Əgər Azərbaycan tərəfi iki ideyanı birləşdirməyə və bu əsasda danışıqlara başlamağa razı olarsa, o zaman biz buna hazırıq.
Lakin Azərbaycan son vaxtlar bəyanatlar verir ki, danışıqlar masasında yalnız Azərbaycanın təklifləri var. Bu, Brüsseldəki razılaşmalara uyğun deyil. Bu gün mən öz mövqeyimi bir daha təsdiq etməliyəm ki, biz bu prinsiplər əsasında danışıqlara hazırıq”, – Nikol Paşinyan bildirib.