AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak jurnalist Aytən Məmmədovaya qarşı hücumun araşdırılmasını təqib edəcək. Bunu “Turan”a Stefan Şennak özü deyib.
“Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu məsələni araşdıracağıq”, – Şennak belə deyib. Onun sözlərinə görə, tezliklə AŞPA-ya Azərbaycanla bağlı hesabat yazmalıdırlar:
“Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır. Bu, bir ölkədə demokratiyanın səviyyəsi haqqında sizə məlumat verəcəkdir”.
Qeyd edək ki, ABŞ səfirliyi də jurnalistə hücumu pisləyib. Səfirlik bildirib ki, jurnalistə hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib:
“Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.
“Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro da hadisə ilə bağlı narahat olduqlarını bildiriblər.
Xatırladaq ki, Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib. Jurnalist mayın 9-da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib.